Yeni Azərbaycan Partiyası böyük bir siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır. Ümummilli liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) ötən illər ərzində böyük inkişaf yolu keçib. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilmiş VII qurultayı təkcə partiyamız üçün deyil, həm də bütün ölkə üçün əlamətdar və son dərəcə önəmli ictimai-siyasi hadisə idi. Zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədardır. Hər şeydən öncə qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının qurucusu, böyük dövlət xadimi Heydər Əliyevin YAP-ı yaradarkən qarşıya qoyduğu məqsəd və vəzifələr, demək olar ki, bütünlüklə artıq yerinə yetirilib. Bunlar ölkəmizdə ictimai-siyasi sabitliyin bərpa olunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli maraqlarımızı beynəlxalq münasibətlər sistemində müdafiə edə bilən xarici siyasət strategiyasının formalaşdırılması, milli rəqabətqabiliyyətli iqtisadiyyatın yaradılması, müstəqil siyasətin həyata keçirilməsi və ən əsası, ərazi bütövlüyümüzün bərpa olunması ilə bağlı olan prinsiplər idi. Partiyanın VII qurultayını əlamətdar edən mühüm amillərdən biri də 44 günlük Vətən müharibəsini Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm qələbə ilə sona çatdırması idi. Bu tarixi Qələbə nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və Cənubi Qafqazda yeni reallıqlar formalaşdırdı. YAP-ın VII qurultayında müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu. Yeni Azərbaycan Partiyasının VII qurultayında YAP-ın Sədri, Prezident İlham Əliyev çıxış edərək ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır. Məhz elə bu mənada da VII qurultay YAP-ın tarixində yeni inkişaf mərhələsinin başlanğıc nöqtəsi kimi dəyərləndirilməlidir.Bu gün gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Yaranmasından cəmi 7 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələrlə nümayiş etdirir. Partiyamızın Sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçən YAP-ın yüksək nüfuzu belə bir istəyin və reallığın meydana çıxmasına səbəb olub. Bu, eyni zamanda, Yeni Azərbaycan Partiyasının, sözün əsl mənasında, ümumxalq partiyası olduğunu göstərir. Bu fakt qələbələr partiyası kimi tanınan Yeni Azərbaycan Partiyasının timsalında iqtidara böyük inam və etibarın olmasından xəbər verir. 6 siyasi partiyanın YAP-a qoşulması fonunda Yeni Azərbaycan Partiyası milli həmrəyliyin təcəssümünə çevrilib. Bu reallıq yeni mərhələdə həm partiyamızın, həm də ölkəmizin inkişafı baxımından mühüm əhəmiyyətə malik olub. Digər tərəfdən, belə bir addım Azərbaycanda siyasi sistemin inkişafına, siyasi münasibətlərin sağlam zəmində cərəyan etməsinə və dialoq mühitinin genişləndirilməsinə xidmət göstərir. 6 siyasi partiyanın YAP-a qoşulması həm də ölkəmizdəki siyasi dialoq mühitinin göstəricisi və nəticəsidir. Məlumdur ki, ölkəmizdə Prezident İlham Əliyevin iradəsi əsasında həyata keçirilən islahatlar çərçivəsində siyasi dialoq prosesinə start verilib. Eyni zamanda, bu əlverişli dialoq mühitinin nəticəsidir ki, siyasi qüvvələr arasında etimad artıb, inteqrasiya prosesi sürətlənib. Bu isə öz növbəsində milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə olub. 44 günlük Vətən müharibəsində əksər siyasi partiyaların Ali Baş Komandanımıza və Azərbaycan Ordusuna qətiyyətli dəstək verməsi bu siyasi birliyin və milli həmrəyliyin bariz nümunəsidir. 2 il öncə keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın keçirilməsi ölkədə aparılan islahatların davamıdır. Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir. İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi böyük etimadın bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da qarşısında duran strateji əhəmiyyətli vəzifələri uğurla yerinə yetirməklə ölkəmizin dayanıqlı və dinamik inkişafına müstəsna töhfə verəcək.Aydın Əliyev, Xocalı rayon ziyalısı